Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Livan parlamentinin deputatı və “Müqavimətə Sədaqət” fraksiyasının üzvü Əli Fəyyaz Hizbullah tərəfindən şəhid Səid Əhməd Əbd Nasir Abdullahın xatirəsinə təşkil olunan anım mərasimində çıxış edib.
Beyrutun Ouzai bölgəsində yerləşən “Əl-Hadi” (ə) hüseyniyyəsində keçirilən mərasimdə alimlər, ictimai xadimlər, fəallar, şəhid ailələri və çoxsaylı insanlar iştirak ediblər.
Əli Fəyyaz bildirib ki, son hadisələr Livan hakimiyyətinin birbaşa danışıqlar uçurumuna yuvarlandığını göstərir. Onun sözlərinə görə, hakimiyyət heç bir nailiyyət əldə etmədən təhlükəli güzəştlərə gedir və bu güzəştlər Livanın həm dövlət, həm də cəmiyyət səviyyəsində gələcəyi üçün ağır nəticələr vəd edir.
O vurğulayıb ki, israillilərin əsas məqsədi livanlıları daxili qarşıdurmaya sürükləmək, ölkənin mövcudluğunu parçalamaq və Livan ərazilərinin bir hissəsini ayıraraq parçalanma meyllərini gücləndirməkdir. Deputat qeyd edib ki, İsrail Livanı öz maraqları və nüfuz dairəsinə uyğun şəkildə yenidən formalaşdırmağa çalışır.
Əli Fəyyaz əlavə edib ki, israillilər Livan hakimiyyətinin qəbul etdiyi öhdəlikləri yerinə yetirmək gücündə olmadığını yaxşı bilirlər. Buna görə də hər danışıqlar mərhələsində daha çox güzəşt əldə edir, sonra həmin güzəştləri rəsmi öhdəliklərə çevirərək Livan dövlətindən onların icrasını tələb edirlər.
O bildirib ki, bütün bunlar İsrailin qətllər, dağıntılar, torpaqların viran edilməsi və terror əməliyyatlarını davam etdirdiyi bir vaxtda baş verir. Deputatın sözlərinə görə, Livan hakimiyyəti isə yalnız atəşkəs barədə boş bəyanatlarla kifayətlənir və baş verənlərə ciddi reaksiya vermir.
“Müqavimətə Sədaqət” fraksiyasının üzvü vurğulayıb ki, hakimiyyət Hizbullah baş katibinin əməkdaşlıq çağırışını ciddi qəbul etməli və Livanın beş əsas tələbini milli mövqenin dəyişməz prinsipləri kimi qəbul etməlidir.
O qeyd edib ki, məqsəd torpaqların geri qaytarılması və sabitliyin qorunması üçün bütün tərəflərin ortaq milli mövqe ətrafında birləşməsidir.

Əli Fəyyaz
Rəyiniz